FAQ

“inkart” nədir?
“inkart” ictimai nəqliyyatda gediş haqlarının nağdsız və təmassız ödənilməsi imkanına malik bank kartıdır.
Təmassız ödəniş nədir?
Kartı qurğuya daxil etmədən yalnız yaxınlaşdırmaqla sürətli ödəniş etmək imkanı yaradan nağdsız ödəniş növüdür.
“inkart”a sahib olaraq mən nə əldə edirəm?
  • İctimai nəqliyyatda rahat, sürətli və təmassız ödəniş etmək imkanı
  • Digər ödənişləri (kommunal xərclər, mağazada alış-veriş və s.) əlavə bank kartı olmadan icra etmək imkanı (eyniləşdirilmə tələb olunan əməliyyatların icrası mobil tətbiq üzərindən şəxsiyyət vəsiqəsi əlavə edilərək kart eyniləşdirildikdən sonra mümkündür)
  • Banka gəlmədən, heç bir sənədləşmə işi aparılmadan kart əldə etmə imkanı
  • Kartın balansını terminallar və onlayn kanallar vasitəsilə artırmaq imkanı
  • “inkart” mobil tətbiqini yükləməklə kartın idarə edilməsi, kartlar arasında köçürmələr, əməliyyatların və səfərlərin tarixçəsini izləmək imkanı
Kartı haradan və necə əldə edə bilərəm?

1. Avtobus dayanacaqlarında quraşdırılmış bank terminallarından:


  • Ekranda “YENİ KART” bəndini seçin
  • Kartın dəyərini terminala daxil edin
  • Terminaldan kartınızı əldə edin

2. Azərpoçta məxsus poçt məntəqələrindən:


  • Şəxsiyyət vəsiqənizi təqdim edin
  • Kartın dəyərini ödəməklə kartınızı əldə edin

3. Azər Türk Bank-ın filiallarından

Kartı əldə etmək üçün nə qədər ödəniş etməliyəm?
Kartın dəyəri 2.00 AZN-dir. Kartın əldə edilməsi üçün ödənilmiş 2.00 AZN-nin 1.00 AZN-lik hissəsi kartın balansına yüklənilir, qalan 1.00 AZN isə depozit məbləği olub kartın sonradan geri qaytarılması halında müştəriyə geri ödənilir. Bu zaman kartın müştəri tərəfindən istifadə müddəti 12 ayı keçməməlidir.
Kartın balansını necə artıra bilərəm?

1. Terminallar vasitəsilə:


  • Azər Türk Bank terminalları
  • SmartPay terminalları
  • Milliön terminalları

2. Onlayn kanallar vasitəsilə:


  • inkart.az saytı
  • atb.az saytı
  • million.az saytı
  • “inkart” mobil tətbiqi üzərindən

3. Azərpoçta məxsus poçt məntəqələrində

İctimai nəqliyyatda təmassız ödəniş etmək üçün nə etməliyəm?
  • Bunun üçün ilk növbədə “inkart”a və ya təmassız ödənişi dəstəkləyən istənilən bank kartına sahib olmalısınız
  • Kartınızı nəqliyyat vasitələrində quraşdırılmış validator cihazlarına yaxınlaşdırırsınız
  • Cihaz gediş üzrə təyin olunmuş xidmət haqqını tutur və əməliyyatın uğurlu tamamlanması ilə bağlı səsli və görüntülü məlumat verir (əməliyyat hansısa səbəbdən uğursuzdursa, sərnişin bu barədə də səsli və görüntülü xəbərdarlıq alır)

Texniki dəstək

Kartı əldə etmək üçün vəsaiti daxil etdim lakin terminaldan kartı əldə edə bilmədim
Kartın dəyərinin ödənilməsi zamanı kartın tam dəyərini terminala gec daxil etdiyiniz və ya ümumiyyətlə daxil etmədiyiniz halda əməliyyat terminal tərəfindən tamamlanmamış hesab olunur və öncədən daxil etdiyiniz vəsait terminal tərəfindən geri qaytarılmır. Əskinazları terminala tək-tək və gecikdirmədən daxil etməyiniz, daxil olunan əskinazların əzik və ya cırıq olmamasına diqqət etməyiniz xahiş olunur.
Kartın balansına pul yüklədim lakin balans ekranda və ya inkart.az saytında əks olunmur
Qeyd edilən hal ilə rastlaşdıqda kartın arxa hissəsində qeyd edilmiş əlaqə nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur.
Terminal karta reaksiya vermir
Bu kimi hallar kart hər hansı bir səbəbdən aktivləşdirilmədiyində baş verir. Məsələnin həlli üçün kartınızı yaxınlıqdakı istənilən banka məxsus ATM və ya Pos-terminal aparatlarında aktivləşdirə bilərsiniz. Kartı sadəcə adı çəkilən terminallardan birinə daxil edir və istənilən 4 rəqəmli PİN kod yığırsınız (məs: 1234). Qeyd edilən əməliyyatı yalnız 1 dəfə icra etməyiniz xahiş olunur. Əks halda çoxsaylı yanlış PİN cəhdlərə görə kartınız bloklanacaqdır.
Kart aktivləşdirilib lakin terminal qəbul etmir
Aktiv edilmiş və əvvəl ictimai nəqliyyatda istifadə edilmiş kart terminal tərəfindən qəbul edilməyə bilər.

Səbəb isə odur ki, kart üzrə əvvəllər ictimai nəqliyyatda gedişlər olmuş lakin gedişin dəyərinin ödənilməsi üçün hesabda kifayət qədər vəsait olmamışdır. Belə olan halda kart qara siyahıya düşür və siz növbəti dəfə istifadə edərkən kartın balansını artırmış olsanız belə ödəniş qəbul olunmur.

Bu cür halların qarşısının alınması üçün kartın balansında daim kifayət qədər vəsait olmasına diqqət etməli, vəsait olmadığı təqdirdə kartdan istifadə etməməlisiniz.

Əgər bu cür hal baş verərsə kart ilə uğursuz ödəniş cavabı aldığınız ödənişdən sonra bir müddət gözləməli (təqribən 10 dəqiqə) və yenidən cəhd etməlisiniz. Bu köhnə borc üzrə vəsaitin silinməsi və kartın qara siyahıdan çıxarılması üçün tələb olunan müddətdir.
Bir “inkart” ilə eyni vaxtda neçə gediş haqqı ödənişi icra edilə bilər?
Eyni kart ilə ictimai nəqliyyatda eyni vaxtda maksimum 5 gedişi ödəmək imkanı var, 6-cı cəhd validator tərəfindən qəbul edilməyəcəkdir. 5 gediş üzrə xidmət haqqı kartın balansından silindiyi təqdirdə kartdan yenidən istifadə mümkün olacaqdır (gediş üzrə xidmət haqqının kartın balansından silinməsi üçün tələb olunan vaxt təqribən 10 dəqiqədir).
Problem yaşayıramsa hara müraciət etməliyəm?
Yuxarıda qeyd edilən problemlər və ya ictimai nəqliyyatda inkart kartları və ödənişlər ilə bağlı hər hansı problem ilə üzləşdiyiniz təqdirdə (012) 945 əlaqə nömrəsi, + 994 (55) 205 60 12 (Whatsapp) mobil nömrəsi və inkart@atb.az mail ünvanına müraciət edə bilərsiniz.
Diqqət!

-Kart ilə 2 dəfədən çox PİN-li əməliyyat icra etməməli;

-Kartın əldə edilməsi və ya balansının artırılması zamanı terminal tərəfindən təqdim olunan qəbzi saxlamalı;

-İctimai nəqliyyatdan istifadə etməzdən öncə kartın balansında kifayət qədər vəsait olduğuna əmin olmalı;

-Kartın balansında kifayət qədər vəsait yoxdursa kartdan istifadə etməməli.